Niyə Rusiyanın NTV kanalı məhz onu seçib?-Partiya sədri
“Bu fakt bir daha sübut edir ki, Rasim Musabəyov öz yerində deyil. Onun necə “seçilməyini” hamımız bilirik”.
Bunu Versus.Az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Partiya sədri vurğulayıb ki, ümumiyyətlə, Rasim Musabəyovun politoloq kimi verdiyi açıqlamalar, proqnozlar heç biri doğru çıxmayıb:
“Niyə Rusiyanın NTV kanalı məhz onu seçib? Bu sualın cavabını axtarmaq lazımdır. Sonra da biz “5 kolon” nümayəndələri axtarırıq. Dövlət başçısı İlham Əliyev Vətən-İkinci Qarabağ müharibəsi başlayan gündən qardaş Türkiyənin bizə verdiyi siyasi və mənəvi dəstəyini, Türkiyə sülhməramlıların iştirakının vacibliyini hər dəfə öz çıxışlarında qeyd edirdi. İndi belə çıxır ki, bu Rasim Musabəyov dövlət başçısına, dövlət siyasətinə qarşı çıxır? Bəli, biz Vətən müharibəsində Qələbəmizi Şəhidlərin canı və qanı hesabına qazandıq. Amma qardaş Türkiyə, Pakistan, İsrail və digər dost ölkələrin siyasi-mənəvi dəstəyi bizi daha da ruhlandırırdı. Biz haqq yolumuzda tək qalmadıq. Türkiyə sülhməramlıları Qarabağ bölgəsinə gələcəklər və Rusiya sülhməramlıları ilə birgə monitoring aparacaqlar. Bu məsələ artıq həll olunub”.