Azərbaycan Ordusunun gücü və qüdrəti dekabrın 10-da keçiriləcək möhtəşəm hərbi paradda bir daha nümayiş etdiriləcək
“Azərbaycan xalqı bu gün böyük zəfərin sevincini yaşayır. Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsinin nəticəsi olaraq bu gün işğal altındakı bütün torpaqlarımız Azərbaycan Ordusunun nəzarəti altındadır. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan xalqı artıq hər il 27 sentyabr tarixini Anım Günü, 8 noyabr tarixini isə Zəfər Günü kimi qeyd edəcək. Müzəffər Azərbaycan Ordusunun gücü və qüdrəti dekabrın 10-da keçiriləcək möhtəşəm hərbi paradda bir daha nümayiş etdiriləcək”.
Bunu ifadələri qəzetimizə verdiyi açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prosesinin başa çatdırılmasından sonra, növbəti mərhələdə dövlətimizi və xalqımızı mühüm quruculuq işləri gözləyir:
“30 ilə yaxındır məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın öz doğma şəhər və kəndlərinə qayıtmasını təmin etmək üçün işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri görülməlidir. Dövlətimizin iqtisadi qüdrəti, xalqımızın birliyi və həmrəyliyi bu çətin işlərin də öhdəsindən gələcəyimizə şübhə yeri qoymur. Sözsüz ki, dövlət başçısının ətrafında sıx birləşən Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarımızı yenidən cənnət məkana çevirəcək. İşğaldan azad edilən yurd yerlərimizin çoxsaylı tarixi abidələri, gözəl təbiəti və zəngin iqtisadi potensialı gələcəkdə bu regionun turizm və iqtisadiyyat sahələrinin ölkəmizin şimal və cənub regionları kimi inkişaf edəcəyinə dəlalət edir. Eyni zamanda, yaranmış yeni reallıq tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini daha da artırır. Belə ki, qərb bölgəmizin inkişaf etdirilməsi, Naxçıvana çəkiləcək yol vasitəsilə Türkiyə ilə quru əlaqələrinin bərpası ölkəmizin həm regionda, həm də dünyada iqtisadi və siyasi cəhətdən aparıcı mövqeyini daha da möhkəmləndirəcək. Bu uğurlu gələcəyə nail olmaq üçün ölkənin hər bir vətəndaşı da öz töhfəsini verəcək”.