ALDP sədri: İsrail qanunlarını qəbul edən ərəblər problemsiz yaşayırlar
İsrail-Fələstin gərginliyi Azərbaycan cəmiyyətinə də təsirsiz ötüşməyib. Sosial şəbəkələrdə müzakirələr gedir: bir qrup İsraili, digər qrup isə Fələstini müdafiə edir.
Maraqlıdır, biz hansısa ölkəni müdafiə etməliyikmi?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-un sorğusunu belə cavablandırıb:
“Hesab edirəm ki, biz dövlət maraqlarından çıxış etməliyik. Azərbaycan dövlətinin İsraillə münasibətləri yüksək səviyyədədir. İsrail dövləti Qarabağ məsələsində daimə bizi dəstəkləyib. Beynəlxalq tədbirlərdə də bizim haqq sözümüzü müdafiə edib. Yuxarıda qeyd etdiyim dəstəyi və Azərbaycan dövlət maraqlarını nəzərə alaraq bizə dost olan İsraili açıq şəkildə dəstəkləməliyik”.
ALDP sədri hər iki tərəfdə dinc əhalinin həlak olması, münaqişəni dinc həllindən uzaqlaşdığını bildirib.
İsrail qanunlarını qəbul edən ərəblərin problemsiz yaşadıqlarını qeyd edən Fuad Əliyev bunu bildirib:
“İsrailin iki rəsmi dili var: İvrit dili və ərəb dili. Ərəb dili xüsusi statusa malikdir. İsraildə yaşayan ərəblər ərəb məktəblərinə gedirlər. Ərəb məktəblərində islam dərslərinin keçirilməsinə icazə verilir. İsrail parlamentində ərəb partiyası 4 deputatla təmsil olunur. Heç kim deyə bilməz ki İsraildə ərəblərin hüquqları tapdalanır”.
“Bəzilər din amilini qabardaraq fələstinliləri dəstəkləyirlər. Hesab edirəm ki, bu səhv yanaşmadı. Bu həmin fələstinlilərdi ki, Qarabağ məsələsində erməniləri dəstəkləyirdilər. Bizim yaxın qonşumuz İRAN. İran həmişə erməniləri dəstəkləyib, iqtisadi, hərbi və sosial yardımlar edib. İndi də edir. Suriya, Livan, Liviyə, İordaniya. Bunlar da erməniləri dəstəkləyiblər. Bunlar deməyiblər ki, biz müsəlman ölkəsi olan Azərbaycanı dəstəkləməliyik, Ermənistanı yox” – ALDP sədri qeyd etdi.