Batuhan Mumcu: “Azərbaycanla mədəni əlaqələrimizin inkişafı digər türk dövlətlərinə də müsbət təsir edir”

Vətən müharibəsindəki zəfərdən sonra Azərbaycanla Türkiyə arasında çoxtərəfli əməkdaşlıq daha da inkişaf edir. Tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Ötən il ərzində də Bakı ilə Ankara arasında bir sıra vacib sənədlər imzalanıb. Onlardan biri də noyabrın 13-də Ankarada imzalanan Azərbaycan və Türkiyə hökumətləri arasında mədəniyyət sahəsində əməkdaşlığa dair sazişdir. Sənəd iki xalqın müştərək dəyərləri, türk mədəni irsi, həmrəyliyin qorunması, təbliği, beynəlxalq səviyyədə təşviqi ilə bağlı Şuşa Bəyannaməsində əksini tapan birgə əməkdaşlıq məsələlərini də əhatə edir.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu “Report”un Ankara bürosuna müsahibəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışıb. Müsahibəni təqdim edirik.

- Keçən il noyabrın 13-də Azərbaycanla Türkiyə hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalandı. Həmin sənəd iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığa və həmçinin türk dünyasına nə kimi fayda verəcək?

- Türkiyə-Azərbaycan mədəni əməkdaşlıq sazişinin imzalanması iki ölkə arasında, eləcə də türk dünyasında əlaqələrin gücləndirilməsi, maddi-mədəni sərvətlərin yayğınlaşdırılması, ortaq tarix və dəyərlərin inkişafı baxımından mühüm addımdır. Bu sənəd vasitəsilə mədəniyyət sahəsində müxtəlif tədbirlərlə daha sıx əməkdaşlığa nail olmağı hədəfləyirik.

Saziş əsasında keçiriləcək konsertlər, sərgilər, teatr tamaşaları və ədəbi tədbirlər kimi mədəniyyət fəaliyyətləri iki ölkə arasında qarşılıqlı əlaqəni artıracaq və türk dünyasının mədəni zənginliyinin daha geniş auditoriyaya çatdırılmasına kömək edəcək.

Sözügedən mədəni tədbirlərin isə hər iki ölkənin turizm potensialını artıracağına və bunun da təbii ki, ölkələrimizin iqtisadiyyatına töhfə verəcəyinə inanıram.

- Dünyanın ən əhatəli mədəniyyət və incəsənət layihələrindən biri olan və sizin də rəhbərliyinizlə həyata keçirilən Türkiyə Mədəniyyət Yolu Festivalları Layihəsində Azərbaycanın iştirakı ilə bağlı nə məlumatınız var?

- Türkiyə Mədəniyyət Yolu Festivalları ölkəmizin hər yerində keçirilən konsertlərdən sərgilərə, teatrdan opera və balet tamaşalarına, dialoq, müzakirə, panellərdən seminarlara qədər minlərlə tədbiri əhatə edən silsilədir.

Bu il festival silsiləmizə azərbaycanlı sənətçiləri də daxil etməyi planlaşdırırıq. İncəsənətin müxtəlif sahələrindən olan sənət adamları festivallarımızda Azərbaycan mədəniyyətinin daha yaxından tanıdılmasına imkan yaradacaq.

Bu şəkildə iştirak festivalın keçirildiyi şəhər və ya bölgələrdə mədəni zənginliyimizi vurğulamaqla yanaşı, həm də iki ölkə arasında mədəni turizmi qarşılıqlı surətdə stimullaşdıracaq.

- Azərbaycanda keçirilən 3-cü Qorqud Ata Türk Dünyası Film Festivalında iştirak etmisiniz. Təəssüratlarınız necədir?

- Qorqud Ata Film Festivalı türk dünyasında artıq önəmli yerlərdən birini qazanıb. Bu il üçüncü dəfə keçirilən festivalın bağlanış mərasiminə Türkiyədən ssenaristlər, rejissorlar, prodüserlər və aktyorlarla birlikdə TRT-nin və nazirliyimizin rəsmiləri olaraq qatıldıq.

Kino sənayesi türk dünyasının ortaq mədəni irsinin çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən festivalda iştiraka marağın ildən-ilə artdığını görmək bizi çox sevindirir. İnanıram ki, kino sənayesinin maraqlı tərəflərini bir araya gətirmək və əməkdaşlığı təşviq etmək həm kino sənətini təkmilləşdirəcək, həm də mədəni qarşılıqlı əlaqəni maksimum dərəcədə artıracaq.

Festival çərçivəsində tədbirlərin bir qismi Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində keçirildi ki, bu da bizim üçün son dərəcə anlamlı və dəyərli idi. Qorqud Ata Film Festivalının dördüncüsü gələn il Türkmənistanda keçiriləcək. Artıq indidən həyəcanlıyıq.

- Prezident İlham Əliyev Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. Sizcə, bu mərkəzin fəaliyyəti Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrə və əməkdaşlığa hansı yeniliklər gətirəcək?

- “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasında artıq hər sahədə gözəl əlaqələr mövcuddur. Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması təbii ki, mədəni əlaqələrimizi, əməkdaşlığımızı daha da inkişaf etdirəcək, mədəniyyət tədbirlərinin həm sayı, həm də keyfiyyəti yüksələcək.

Mədəniyyət, incəsənət, ədəbiyyat, mənəviyyat sahəsində mədəni fəaliyyətlərin həyata keçirilməsi hər iki ölkənin müvafiq sektorundakı nümayəndələrinə dəstək olacaq.

Belə bir mərkəz çərçivəsində təşkil olunan mədəni-kütləvi tədbirlər gənc nəsillərimizdə də ümumi mədəni irsimizə mənsub olmaq hisslərini inkişaf etdirməkdə mühüm rol oynayacaq.

İnanıram ki, ortaq tarix, dil və mədəni irsə əsaslanan bu əməkdaşlıq türk dünyasının digər ölkələri ilə də oxşar şəkildə təzahür etməyə təkan verəcək. Bir sözlə, Azərbaycanla olan mədəni əlaqələrimizin inkişafı digər türk dövlətlərinə də öz müsbət təsirini göstərəcək.

0.37826108932495