Perinatal Mərkəzdən KTM-ə aparılan körpələrin altısı aparatlara qoşulub - YENİLƏNİR + FOTO

“KTM-ə gətirilən 15 uşaqdan səkkizi reanimasiyaya yerləşdirilib. Onlardan altısının vəziyyəti ağırdır”.

Bunu Bakunews.media-a açıqlamasında KTM-in Yenidoğulmuşlar Şöbəsinin uzman pediatr neonatoloqu Aysel Qədimova deyib.

O bildirib ki, gətirilən uşaqlardan heç birində yanıq xəsarəti yoxdur:

“Uşaqlardan altısının vəziyyəti ağırdır. Onlardan üçü süni tənəffüs aparatına, üçü CPAP (ağciyərlərin süni havalandırılması rejimi aparatı - red.) aparatına qoşulub. Reanimasiyada olan uşaqların yaxın zamanda normal palataya köçürülməsi gözlənilmir. Digər yeddi uşaq isə intensiv nəzarət şöbəsindədir, ümumilikdə uşaqlardan altısı qız, doqquzu oğlandır”.

13:55

Yanğın baş verən Perinatal Mərkəzdən 16 yenidoğulmuş “Yeni Klinika”ya köçürülüb.

Bakunews.media xəbər verir ki, bunu “Yeni Klinika”nın Neonatologiya Şöbəsinin müdiri Əkbər Quliyev deyib.

O bildirib ki, yanğından təxliyə olunan beş hamilə, doqquz zahı və 16 yenidoğulmuş “Yeni Klinika”nın müvafiq şöbəsinə yerləşdirilib:

“Vəziyyətləri stabildir, lazımi müdaxilə edilib. Perinatal Mərkəzin həkimləri ilə əlaqə saxlanılır və uşaqlara hansı müalicələr aparılıbsa, eyni müalicə protokolları davam etdiriləcək”.

13:09

“Kliniki Tibbi Mərkəzə yanğın baş vermiş Perinatal Mərkəzdən gətirilən 15 uşaqdan 8-i reanimasiya şöbəsinə yerləşdirilib”.

Bunu Bakunews.media-a açıqlamasında KTM-in Yenidoğulmuşlar Şöbəsinin müdir əvəzedici Şəhla Abdullayeva deyib.

“Reanimasiyadakı uşaqların müalicələri davam etdirilir. Digər yeddi yenidoğulmuşun vəziyyəti stabildir, həkim nəzarətində saxlanılır”.

12:50

“Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra şöbəmizə 15 körpə daxil olub”.

Bakunews.media xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin uzman həkimi Ramin Mahmudov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, körpələr xəstəxanaya daxil olduqları zaman vəziyyətləri stabil olub:

“Hazırda körpələrə bütün lazımi yardımlar göstərilir. Körpələrin vəziyyəti stabildir. Hansısa patologiya görülmür”.

Bakunews.media-ın əldə etdiyi məlumata görə, Perinatal Mərkəzdən 26 uşaq köçürülüb. Onlarda 11-i Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına aparılıb.

Könül Cəfərli

0.27207517623901