Taksi sürücülərinin yeni fırıldağı: Xidmətdən istifadə etmədən sərnişinlərin kartından pul silinir? - VİDEO
Son vaxtlar bəzi taksi sürücülərinin yeni fırıldağa əl atdıqları bildirilir. Onlar məkana çatmadan ünvanda olmaları ilə bağlı proqrama bildiriş göndərirlər. Sonra isə gözləyən sərnişini sifarişi ləğv etməyə məcbur edirlər. Belə olduqda isə bank kartları ilə edilmiş ödəniş sərnişinin hesabından çıxılır.
Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə taksilərin bu cür fırıldağının qurbanı olduğunu iddia edən xeyli şəxsə rast gəlmək olur.
Anoloji vəziyyətlə üzləşənlərdən biri də paytaxt sakini Nicat İbrahimovdur. Onun sözlərinə görə, taksi sifariş verib və ünvana getmədən kartından pul silinib.
Şikayətçi bildirib ki, bu ilk belə hal deyil. Dəfələrlə üzləşdiyi problemlə əlaqədar taksi şirkətlərinə müraciət etsə də, vəziyyət dəyişməz olaraq qalıb. Yəni dəymiş zərər geri qaytarılmayıb.
Problemlə bağlı bəzi taksi sürücülərinin də fikirlərini öyrəndik. Onlar bildirdilər ki, məsələnin kökündə dayanan əsas səbəb kartla olan ödənişdir. Çünki ödənişin bu cür həyata keçirilməsi əksər taksi sürücüsünün ürəyincə deyil.
Yol hərəkəti qaydaları üzrə ekspert Yasin Mustafayev isə deyir ki, sürücülər belə hallarla rastlaşmamaq üçün bəzi nüanslara diqqət yetirməlidirlər.
Ekspert bildirib ki, belə faktlarla üzləşən sərnişinlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etməlidirlər. Daxil olan müraciət əsasında Agentlik də həmin şirkətlərin Azərbaycandakı nümayəndəliyinə ciddi xəbərdarlıq etməlidir.
Ətraflı süjetdə: