İşdən çıxarılan məşhur cərrah DANIŞDI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib.
Bu barədə BakuPost.az-a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb.
“Hakim Fuad Talışınskinin sədrliyi ilə məhkəmə birinci qərarı qüvvədə saxladı. Hər iki tələbim təmin edildi. Mən 2017-ci ildən bəri çalışdığım xəstəxanaya qayıtmağa hazırlaşıram. Mayın sonu işə çıxmaq istəyirəm.
Mənim direktorla heç bir şəxsi qərəzliyim yoxdur. Sübut etdim ki, peşəmi şərəflə icra etmişəm və müharibədə can qoyan cərrahı 70Ç bəndi ilə işdən belə çıxarmaq hörmətsizlikdir”.
Anar Mehdiyev səkkiz aydır işsiz olduğunu bildirib, bu müddət ərzində yığılmış 9600 manat əmək haqqının da ödənilməsini tələb edib.
Qeyd edək ki, A.Mehdiyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. O, 2005-2007-ci illərdə Rusiyanın Moskva şəhəri NV Sklifasovski adına Elmi Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrahiyyə üzrə klinik ordinatura keçib. 2008-ci ildə Moskva şəhəri RUDN hospital cərrahiyyə kafedrasında, 12 barmaq bağırsaq, mədə və mədə-bağırsaq anastomozlarının postvaqotom residiv xoralarının cərrahi müalicəsi və profilaktikası mövzusunda dissertasiyasını bitirərək tibb elmləri namizədi alimlik dərəcəsini alıb. 2012-ci ildə Almaniyada, 2014-cü ildə isə Türkiyədə təkmilləşmə kursu keçib. Bir çox elmi məqalələrin müəllifidir.