Elnur Soltanov: "Neft-qaz istehsalçılarını tənqid edənlər onu almaqdan könüllü imtina edə bilərlər"
Neft-qaz istehsal və istehlak edən ölkələr arasında ətraf mühitin çirklənməsi, iqlim dəyişiklikləri mövzusunda ayrı-seçkilik etmək düzgün deyil.
"Report"un verdiyi məlumata əsasən, bunu Azərbaycanın energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov II Qlobal Media Forumu çərçivəsində "Yaşıl dünya naminə həmrəylik - COP29" mövzusunda olan təqdimatında deyib.
O qeyd edib ki, Azərbaycan bu mənada tənqidi qəbul etmir:
"Azərbaycan dünyanın enerjidaşıyıcılarının 0.5 faizini istehsal edir, amma biz enerji təhlükəsizliyinə töhfə veririk. Kim istəmirsə, neft və qaz alışından könüllü imtina edə bilər. Amma nəzərə almaq lazımdır ki, müasir sivilizasiyanın uğurları təbii sərvətlərin hesabına olub".
E.Soltanov bildirib ki, tənqid əvəzinə ümumi bir həll tapılmalıdır.
"Afrika ölkələrinin atmosferin çirklənməsində payı cəmi 4 faizdir, amma iqlim dəyişikliyindən ən çox əziyyət çəkən bu qitənin ölkələridir", - deyə o vurğulayıb.