Evlərin qiyməti daha da arta bilər

Mənzil bazarında müştəri qıtlığı davam edir.

Bu barədə "Qafqazinfo"ya paytaxtdakı rieltorlar məlumat veriblər. Bununla belə evlər bahalaşmaqdadır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin mart-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə mənzillərin orta qiyməti 9.2 faiz artıb. Yeni tikilmiş mənzillər 10.3 faiz, köhnə binalarda olanlar isə 9.2 faiz bahalaşıb.

Maraqlıdır, müştəri qıtlığı varsa, qiymətlər niyə artır?

Rieltorların sözlərinə görə, bahalaşan təkcə mənzillər deyil. Həmçinin fərdi yaşayış evləri, yəni həyət evlərinin də qiymətləri artır. Sənədsiz evlərə çıxarış ("kupça") veriləcəyi ilə bağlı xəbərlərin fonunda, hətta belə evlərin də qiymətində artım var. Bu amil satışların azalmasına rəğmən mənzillərin də qiymətinə təsir edir.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev isə deyir ki, mənzillərin qiymətindəki artım əsasən bina tikintisi üçün yararlı olan torpaq sahələrinin bahalaşması ilə bağlıdır. Bu məsələ yeni tikilən mənzillərin qiymətlərinə təsir edir. Köhnə tikililərin qiymətləri isə süni olaraq artırılır.

Bakı şəhərində ən çox bahalaşma Səbail rayonundadır. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc danışıb. Onun sözlərinə görə, bu rayon ərazisində iyun ayında ötən ilin eyni ayı ilə müqayisədə ikiotaqlı yeni tikilinin qiyməti orta hesabla 18.3 faiz, köhnə tikilininki isə 14.2 faiz artıb. Həmçinin Nərimanov rayonunda ikiotaqlı yeni tikili mənzilin qiyməti 15.9 faiz, köhnə mənzilin qiyməti 12.0 faiz artıb. Eyni zamanda, Nizami rayonunda ikiotaqlı yeni tikili mənzil üçün məbləğ 16.2 faiz, köhnə binalı mənzil üçün isə 11.0 faiz yüksəlib. Ən az qiymət artımı isə Qaradağ rayonunda qeydə alınıb. Bu ərazidə iyun ayında bir il əvvələ nisbətən yeni tikilidə ikiotaqlı mənzil ortalama 5.5 faiz, köhnə tikilidə isə 3.9 faiz bahalaşıb.

Ekspert hesab edir ki, Ukraynadakı müharibə nəticəsində Rusiyada və bu ölkədə yaşayan, biznesi olan soydaşlarımızın Azərbaycanın daşınmaz əmlak bazarına diqqəti artıb. Həmçinin daşınmaz əmlaka investisiya etmək daha əlverişlidir. Belə ki, banklar manatla olan əmanətlərə illik 7-8 faiz, bəzən 10 faiz gəlir vəd edir. Daşınmaz əmlak isə hər il orta hesabla 15 faizə yaxın bahalaşır.

Üstəlik evlərin kirayəsindən gəlir əldə etmək imkanlarının da olması daşınmaz əmlaka marağı daha da artırır. Bu amil daşınmaz əmlaka sərmayə qoyuluşunun cazibədarlığını yüksəldir. Nəticə etibarilə daşınmaz əmlaka investisiyaların artması qiymətləri yüksəldir. Bu, daşınmaz əmlakın bahalaşmasının səbəblərindən biridir. Burada inflyasiya amilinin də rolu az deyil.

Lakin V.Oruc da bu qənaətdədir ki, bahalaşmanın əsas səbəbi torpaq sahələrinin qiymətlərindəki artımdır. Bir sözlə, bina tikintisinə yararlı torpaq sahələrinin getdikcə azalması qiymətlərin artmasını şərtləndirir. Bu da yeni tikililərdəki mənzillərin bahalaşmasını qaçılmaz edir. Belə vəziyyət köhnə binalardan mənzil satanların da "işinə yarayır". Beləliklə, yeni mənzillər bahalaşdıqca köhnələrin də qiymətləri artır. Fərdi yaşayış evlərinə gəlincə, yaxın vaxtlarda "kupça"sız evlərin sənədləşdirilməsinə başlanılacağının vəd olunması bu bazarda da bahalaşmaya "yaşıl işıq" yandırır. Bu baxımdan bahalaşmanın davam edəcəyi gözlənilir.

0.08424186706543