Zülfüqar və Ümid Mirzəyevlər ermənilərə kömək edirlər?

Böyük yünan filosofu Sokrat belə bir kəlam söyləmişdi: danış ki, səni görüm. İnsan danışdıqca onun mənəviyyatı, əqli, zəkası, mədəni səviyyəsi ətrafdakılara daha aydın görünür, əyaniləşir.

Rusiya Federasiyasının tərkibindəki Udmurtiya Respublikasında fəaliyyət göstərən “Dostluq” Azərbaycan İctimai Mərkəzinin sədri Zülfüqar Mirzəyev mənim bir çox yazılarımda haqqında söhbət açıldığı üçün kifayət qədər “məşhur”laşıb. Belə ki, Yeni il münasibətilə Z.Mirzəyev də daxil olmaqla respublikada fəaliyyət göstərən milli cəmiyyət rəhbərlərinin təbrikləri videoya yazdırılmışdı. Aşağıda təqdim etdiyimiz videoda bir dəqiqəyə yaxın vaxt ərzində həm azərbaycanca, həm rusca dili pəltək vura-vura danışaraq tamaşaçıda ikrah hissi yaradan bu şəxs nəinki zahirən, elə daxilən də bayağı, səviyyəsiz olduğunu artıqlaması ilə büruzə verib. Bu görüntünü izləyənlərin azərbaycanlılar haqqında hansı təəssürat aldığını təsəvvür etmək çətin deyil. İki kəlməni bir-birinə calaya bilməyən, bərbad təfəkkürlü, eyni zamanda özündən müştəbeh adam olan Zülfüqar Mirzəyev yenə də xalqımızı qürbət yerdə “layiqincə” təmsil edib. Eynilə 2019-cu ilin mart ayında milli rəqsimiz “Köçəri”nin ermənimilli rəqsi adı ilə təqdim olunmasına göz yumanda olduğu kimi! 

Mətbuat Şurasının sədr müavini, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının sədri olan, bu yaxınlarda biabırçılıqla istefaya göndərilən prezidentin sabiq köməkçisi Əli Həsənovun kurasiyasında işləmiş qardaşı Ümid Mirzəyevə arxalanan Zülfüqar Mirzəyev Udmurt Respublikası “Dostluq” Azərbaycan İctimai Mərkəzinin sədri seçildikdən sonra özünü mötəbər şəxsiyyət zənn etməyə başlayıb. Udmurtiya Respublikasında yaşayan soydaşlarımızın problemləri, diasporumuzun fəaliyyəti, müxtəlif tədbirlərdə iştirak etməsilə bağlı hər hansı narazılıq düşən kimi Z.Mirzəyev sözünə qarşı söz deyənlərə hədə-qorxu gəlir, yerli hüquq mühafizə orqanlarındakı əlaqələrinə eyham vurmağa başlayır. Respublikada yaşayan azərbaycanlılar neçə illərdir şiə məscidi tikdirmək arzusunda olsalar da, cəmiyyət sədri müvafiq şəkildə torpaq sahəsinin ayrılması üçün əlini ağdan qaraya vurmur. Əvəzində diaspor rəhbəri kimi “nüfuz”unu işə salaraq İjevsk şəhərində sahibi olduğu “Palma” kafesi yaxınlığında daha bir obyekt tikdirmək üçün geniş torpaq sahəsini özününküləşdirib. 

Z.Mirzəyevin maliyyə imkanlarına gəlincə, bölgədəki azərbaycanlılar arasında ona Bakıdan pul gəlməsi barədə söz-söhbətlər dolaşır. Doğrudan da, əvvəllər “Daewoo Nexia” sürən cəmiyyət sədrinin birdən-birə təmtəraqlı “Lexus” markalı cip (qeydiyyat nömrəsi О 001 СО 18 РУС), 2015-ci ildə isə Arzu İsmayılovdan 500 min dollara “Palma” kafesini alması belə qənaət yaradır. Daha doğrusu, Bakıda “Avrasiya kredit” qeyri-bank kredit təşkilatının sahibi olan Ümid Mirzəyevin “səxavət”ini ehtimal etməmək mümkün deyil. 

Yeri gəlmişkən, həm də özəl uşaq bağçası sahibi də olan, dəbdəbəli həyat tərzi sürən Ümid Mirzəyevin də bütün bu biznesinin hökumət tərəfindən KİV-in inkişafına ayırdığı qrantlar hesabına ərsəyə gəlməsi heç də mümkünsüz görünmür. Üstəlik əməkdaşlarını direktoru ilə qohum olduqları ANAMA-nın işçisi kimi qeydiyyata saldırır, əməkhaqqı kartlarını isə təbii ki, alıb özü istifadə edir. Bundan əlavə onun hazırda İjevskidə veyillənən daha bir qardaşı Məhəbbət də vaxtilə ANAMA işçisi olub, 2017-ci ildə dövlətə xəyanətlə bağlı “Tərtər işi”ndən sonra isə aradan sivişib uzaq İjevskə gedib, indi orada kafe işlərində qardaşına kömək edir, arada “Facebook”da üstümə çımxırmaqdan da qalmır. 

Beləliklə, işğal olunmuş kənddən didərgin düşən bu qardaşlar özlərinə babat güzəran yaradıblar. Bu qənaət daha çox yaxşı vəzifələrdə işləyən Ümid Mirzəyevə aiddir. Halbuki ölkədə bir çox istedadlı jurnalist mənzilsiz qalıb, layiqli işləri, dolanışıqları da yoxdur. Haradan olsun ki? Halbuki Mətbuat Şurasına soxulmuş mətbuatdan uzaq fırıldaqçının biri jurnalistlərə kömək üçün ayrılan vəsaitləri cibinə ötürməklə məşğuldur. Habelə İjevskidə yaşayan qardaşına da həmin pullardan göndərir ki, jurnalistlərimizin boğazından kəsilən həmin vəsaitlər hesabına Zülfüqar Mirzəyev özünə torpaq-obyekt alır, yerli məmurların qapıları üzünə daha asan açılsın deyə “Dostluq” Azərbaycan İctimai Mərkəzinin sədri vəzifəsindən də dördəlli yapışır. Üstəlik hələ yerli erməni cəmiyyətinin rəhbəri, “aprel müharibəsi” günlərində Dağlıq Qarabağda yaradılmış qondarma quruma maddi yardım göstərmiş Mnatsakan Arakelyanla da “salamməleykum”u var. Bu da azmış kimi sahibi olduğu “Palma” və “Tülpan” kafelərində erməni konyakı satdırır ki, bunu hər iki məkanda çəkilən videolardan aydın görmək mümkündür. 

Ermənistanın “Üzüm xammallı spirtli içkilər haqqında” qanununa əsasən yalnız Ermənistanda və Dağlıq Qarabağda, yəni Azərbaycanın işğal olunmuş torpaqlarda becərilən üzümlərdən hazırlanan konyak erməni koyakı adını daşıya bilər. Deməli, Qarabağ müharibəsi illərində İjevskidə özünə rahat sığınacaq tapmış Z.Mirzəyev həm düşmənlərimizə maddi yardımını əsirgəməyən şəxslə oturub-durur, həm də erməni konyakını xırıd etməklə torpaqlarımızı işğal edən Ermənistanın iqtisadiyyatına özü də müəyyən “töhfə” verir. Ümid Mirzəyev isə Azərbaycan prezidentinin adını əlində bayraq edərək qardaşını müdafiə etməkdən çəkinmir. 


Görəsən, müavini olaraq Ümid Mirzəyev kimilərini ətrafında saxlayan, vaxtilə Udmurt Respublikasına nümayəndə heyətimizin səfərinə kömək olduğu üçün Zülfüqar Mirzəyevə təşəkkür edən, bu qardaşlar haqqında yazılarımı silməyim üçün təzyiq belə göstərmiş Mətbuat Şurasının sədri Əflatun Amaşovun söhbət açdığımız məsələyə dair fikri nədir? Hərçənd həmin o nümayəndə heyətində olan Amaşovun özü də bəlkə də adı çəkdiyimiz kafelərdə erməni konyakından nuş edərək uzaq diyara bu səfərinin xərcini üzərinə götürmüş Zülfüqar Mirzəyevlə mənalı söhbətlərdən həzz alıb? Niyə də olmasın? Nə olsun ki, o nümayəndə heyətinin səfərindən nə Udmurt Respublikadakı soydaşlarımız, nə də ölkəmiz hansısa fayda görüblər. 

Və ən əsası, hər dəfə xarici ölkələrə səfəri zamanı Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırması barədə yeri gəldi-gəlmədi aləmə car çəkən Ümid Mirzəyevin bunlarla bağlı fikirlərini bilmək maraqlı olardı.

Zaur Nurməmmədov

https://dostlug2020.blogspot.com/2020/01/zulfuqar-v-umid-mirzyevlr-torpaqlarmz.html

0.8812530040741