Abort olunan məktəblilər: Erkən nikahların acı statistikası – VİDEO

Ölkəmizdə erkən nikahların rekord həddə çatdığı tarixlər açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən, erkən nikahların statistik göstəricisi ən çox 2011-ci ildə alınıb ki, bu da 5138 olub.

ARB TV-nin efirində “Günə doğru” verilişində məsələ ilə bağlı sujet yayımlanıb.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aynur Veysəlova deyib ki, aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq, bu rəqəm 2018-ci ilə nisbətən kifayət qədər aşağı düşüb.

Təhsil eksperti Kamran Əsədov isə iddia edir ki, xüsusən Bakının ətraf kəndlərində və bölgələrdə bu hallara çox rast gəlinir.

“Eyni zamanda şimal və cənub bölgəsində azyaşlı xanımların böyük əksəriyyətinin erkən nikahlara cəlb olunması ilə bağlı statistik məlumatlar var. Biz bunu konkret olaraq təhsil müəssisələrində oxuyanların sayında da görürük. Əgər birinci sinifdə təhsil alan şagirdlərin sayı 165 mindirsə, doqquzuncu sinifdə bu rəqəm 110 minə, 11-ci sinifdə isə 82 minə düşür”.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci ildə nikah yaşı olmayan 15-17 yaşlı məktəbi qızlar arasında abortların sayı 40 nəfər təşkil edib.

Aynur Veysəlova bildirib ki, 2011-ci ildə əgər 15-17 yaşlı qadınlar tərəfindən 4392 uşaq doğulurdusa, 2018-ci ilin son rəqəmi 2129-dur.

“Bu da onu göstərir ki, belə halların sayı iki dəfədən çox azalıb”,-  deyə A.Veysəlova əlavə edib.

Ölkəmizdə nikah yaşı 18 olaraq qeyd edilir. İstisna hallarda isə bu yaş həddi 17-ə endirilə bilər. Lakin 18 yaşdan aşağı yeniyetmələri evliliyə məcbur etmək və ya cinsi istismar etmək cinayət əməli sayılır.

Hüquqşünas Siracəddin Kərimov deyib ki, yetkinlik yaşına çatmayan şəxsi nikaha məcbur etmə dörd ilə qədər azadlıqdan məhrum etmə və yaxud üç mindən dörd min manata qədər cərimə cəzasının tətbiqinə səbəb ola bilər.

Təhsil eksperti Kamran Əsədov isə məktəblərdə cinsi inkişaf və cinsi tərbiyə dərsinin tədris olunmasını çıxış yollarından biri kimi görür.

“Əgər hər hansı bir dərsliyə biz bununla bağlı mövzu salsaq, bu o demək deyil ki, şagirdləri oyatmış olarıq. Orta ümumtəhsil məktəblərində mütəxəssislər tərəfindən cinsi tərbiyə dərsləri verilməlidir. Yəni siz hər hansı bir problemlə qarşılaşanda ondan az zərərli necə çıxa bilərsiniz və ya bunda digər yoluxucu xəstəliklər yarana bilərmi və s.”.

Ölkəmizin təhsil haqqında qanunlarında da göstərilir ki, altı yaşdan 17 yaşa qədər bütün şagirdlər icbari təhsil almalıdırlar. Şagirdlərin bu cür hallarla təhsildən yayındırılması isə istənilən halda yol verilməzdir.

0.33996915817261