Bu Qələbə Azərbaycanın tarixində əbədi qalacaq

“Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda müqəddəs zəfər yürüşünə çıxıb. 8 noyabr 2020-ci il tarixində isə Azərbaycan Ordusu daha bir tarixi qələbəyə imza atıb. Ona görə də Azərbaycanın hər yerində Şuşa şəhərinin işğaldan azad olunması bayram kimi qeyd edilir”.

Bunu “Yeni Azərbaycan” qəzetinə verdiyi açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib.

F.Əliyev deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini elan edəndən dərhal sonra paytaxt Bakıda və digər regionlarda əhalinin küçələrə axışması Şuşanın xalqımız üçün simvol rolu oynadığını sübut edib: “Sözsüz ki, Şuşanın azad edilməsinin sevinci və təəssüratlarını bölüşən vətəndaşların duyduğu qürur Azərbaycanın tarixi bir gün yaşadığını göstərir. Eyni zamanda, Azərbaycan xalqı Şuşadan sonra işğal edilmiş bütün ərazilərimizin azad olunacağı günün uzaqda olmadığına inanır”.

Partiya sədrinin sözlərinə görə, Şuşa şəhərinin işğaldan azad edilməsi tarixi qələbədir: “Müstəqil Azərbaycanın tarixində əbədi qalacaq bu hadisə münasibətilə 50 siyasi partiya tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktubunda qeyd edildiyi kimi, Şuşanın azad edilməsi kimi böyük işi Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə son qoyuldu. Müstəqilliyimiz tarixinə belə bir əlamətdar gün bəxş etdiyinə görə Liberal Demokrat Partiyasının bütün üzvləri adından Ali Baş Komandana minnətdarlığımı bildirirəm”. 

0.099769115447998