Dinarə Məmmədova: ATƏT-in Minsk qrupunun yeri, süpürülməmiş yerdədir...
"Kabab iyinə gələn, “kabab mütəxəssizlər” olan ATƏT-in Minsk qrupunun həmsədrləri, deyəsən bu dəfə kabab yeməyib, getdilər. Deyirəm belə də hayasızlıq olar? 30 ilə yaxın bizim başımızın altına yastıq qoyan, 44 gün ərzində susan bu turist qupu indi, dəvət olunmamış gəliblər və deyirlər ki, bizdə varıq...."
Baku News xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədova açıqlamasında bildirib. Dinarə Məmmədovanın açıqlamasını təqdim edirik.
"Atalar sözü var - Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.
ATƏT-in Minsk qrupu 30 ilə yaxın Ermənistan hərbi xunta hökumətinin işğalçılıq siyasətinə göz yumur, təxribatlar, atəşkəsin pozulmasına, günahsız insanların qətlə yetirilməsinə, yaşayış məntəqələrinin darmadağın edilməsinə seyrici mövqe nümayiş etdirir. Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun bir institut kimi kimə və nəyə xidmət etdiyi və onun fəaliyyətinin əhəmiyyətinin nədən ibarət olduğunu hələ də məlum deyil. Bu da ATƏT Minsk qrupunun passiv, mandatına uyğun fəaliyyət göstərməyən, işğalçı dövlətə qarşı təsirli tədbirlər görülməsi istiqamətində heç bir addım atmayan lazımsız qurum olduğunu göstərir.
Dövlət başçısının “mən sizi dəvət etməmişəm” sözlərindən sonra, üzr istəyib getməliydilər. Və mətbuat qarşısına çıxıb deməliydilər ki, biz bu gündən ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyətimizi dayandırırıq. Çünki Azərbaycan Ordusu bizim əvəzimizə işimizi gördü.
Müzəffər Azərbaycan Ordusu ərazi bütövlüyünü bərpa etdi və buna heç kim şübhə etməsin.
Bunu yazarkan, başqa bir atalar sözü yadıma düşdü. “Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar”.
Elə ATƏT-in Minsk qrupunun yeri, süpürülməmiş yerdədir...."