ALDP Putinin “Qarabağ Azərbaycan ərazisidir” fikrini Sülhməramlı qüvvələrin nəzərinə çatdırır

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Bəyanat qəbul edib. Bəyanatda deyilir:

Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında 10 noyabrda imzalanan bəyanatda Azərbaycana aid olan bütün müddəalar həyata keçirilir. Amma bunu nə Ermənistana, nədə ki, Rusiyaya aid etmək olar. Belə ki, Ermənistan dekabrın 1-nə qədər öz Silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalı idi. Ağdam, Laçın və Kəlbəcərdən hərbi qoşunlarını çıxaran Ermənistan, Qarabağın diqər rayonlarından, Xankəndi, Xocalı, Əskəran, Xocavəndən hələ ki, çıxarmayıb. Rusiya tərəfi isə imzalanan bəyanata əsasən, Xankəndi, Xocalı, Əskəran, Xocavəndə sülhməramlı kimi fəaliyyətə başlamalı idi. Rusiya sülhməramlıları ilk günlərdə missiya çərçivəsində öz fəaliyyətini başlamasına baxmayaraq, nəzərdə tutulan hüdudlardan kənar fəaliyyət göstərirlər. Bu onu göstərir ki, Rusiya sülhməramlıları və Ermənistan tərəfi məlum Bəyanatın müvafiq müddəalarına əməl etmək istəmirlər.

ALDP Rusiya prezidenti Vladimir Putinin “Qarabağ Azərbaycan ərazisidir” fikrini Sülhməramlı qüvvələrin nəzərinə çatdırır. Belə çıxır ki, Ruiyada ermənipərəst qüvvələr Putinin bu mövqeyinə məhəl qoymur və sülhməramlı qüvvələrin Azərbaycan Ordusu ilə üz-üzə qoymaq məqsədlərinə çatmaq niyyətindədir.

ALDP bu təxribatçı qüvvələrə bəyan edir ki, əmin olsunlar ki, Ermənistan və onun himayədarlarının törədəcəyi istənilən təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən alınacaq və Ermənistan daha da böyük itkilərə məruz qalacaqdır.

ALDP olaraq Rusiya sülhməramlılarının səlahiyyət çərçivələrini aşmalarının, özlərindən xəritə tərtib etmələrinin, Azərbaycan ərazilərində qalmış erməni silahlıları ilə əlbir olmalarının əleyhinəyik və sülhməramlılarının bu cür açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirməsini qınayırıq.

ALDP hesab edir ki, Azərbaycan tərəfi, əgər Rusiya sülhməramlı qüvvələri öz neytrallığını saxlamasa, üç ölkənin qəbul etdiyi Bəyanata əsasən onların  5 il müddətində qalmasını yox, dərhal Azərbaycan ərazilərdən çıxarılması məsələsini qaldıra bilər.

ALDP Azərbaycan hakimiyyətindən, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün, işğaldan azad olunan ərazilərdə qalan erməni terrorçularına qarşı hərbi əməliyyatlar həyata keçirməsini tələb edir.

ALDP Azərbaycan Ordusunun yanında olduğunu və dəstəklədiyini bir daha bəyan edir.

0.14375615119934