Qorbaçov və onun komandasında yer alan, aqanbekyanlar, şahnazarovlar erməni separatçılara dəstək verdilər

"Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında Qorbaçovun rolu danılmazdır"

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Versus.Az-a müsahibəsində bildirib.

Azərbaycan üçtərəfli sazişə əsasən Qarabağda yerləşən Rusiya sülhməramlılarının həddini aşan missiyası ilə üz-üzə qalıb. Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlılarının erməni yaraqlılarına qucaq açmasını hiddətlə qarşılayır. Görünən odur ki, sülhməramlı missiya regionun geosiyasi mənzərəsini gərginləşdirib və ona səlahiyyət həddi bildirilməlidir.

ALDP sədri Fuad Əliyev Versus.Az-a müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirib.

- Fuad bəy, Rusiya sülhməramlılarının bu gün Qarabağda sərgilədiyi özbaşınalıq nəyə hesablanıb, nəyə nail olmağa çalışırlar?

- Sirr deyil ki, Rusiya hakimiyyəti daxilində ermənipərəst qüvvələr var. Onlar illər boyu Azərbaycana qarşı çirkin əmələr həyata keçiriblər. Sovet dövründə bu daha çox olub. Ermənistanın Respublika kimi formalaşdırılmasında “köməklik etmək”, “torpaq payı” verməkdə Azərbaycana təzyiqlər etmişdilər və buna da nail olmuşdular. Qorbaçov və onun komandasında yer alan, aqanbekyanlar, şahnazarovlar erməni separatçılara dəstək verdilər və Qarabağ işğal olundu. Əslində Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında Qorbaçovun rolu danılmazdır. İndi isə həmin ermənipərəst qüvvələr ərazi bütövlüyümüzə xələl gətirən xəritələri ictimailəşdirir, özündən sərhədlər müəyyənləşdirirlər. Yeri gəlmişkən, Azərbaycan ictimayyətinin vaxtında buna reaksiya veməsi xəritələrin dəyişməsini məcbur etdi. Bu bir daha onu göstərir ki, biz dövlət əhəmiyyətli məsələləri birlikdə həll edə bilərik. Bu cür məsələlərin vaxtında ictimailəşməsinin tərəfdarıyam, ictimaiyyəti bu təxribatlara uymamağa, təmkinli olmağa çağırıram. Burada bir məsələni də qeyd etmək istəyirəm. İki prezidentin - İlham Əliyevin və Vladimir Putinin şəxsi dostluq münasibətlərini qeyd etmək istərdim. Ermənilər və Rusiyanın ermənipərəst qüvvələri bu dostluq münasibətlərindən xəbərdardılar və bu cür təxribat hərəkətləri ilə bu münasibətləri pozmaq istəyirlər. Amma onlar Vladimir Putinin “Qarabağ Azərbaycan ərazisidir” sözlərini yaddan çıxartmamalıdırlar.

- Azərbaycan rus sülhməramlıların fəaliyyətinə nəzarəti hansı halda reallaşdıra bilər və Rusiyanı Azərbaycanın qanunlarına necə hörmət etməyə məcbur edə bilər?

- Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Baxın, bir xəritə məsələsində Azərbaycan ictimaiyyəti ayağa qalxaraq bu təxribatın qarşısını aldı. “Müharibə qurtardı” deyib, arxayın olmaq lazım deyil. Azərbaycan Ordusu işğalda olan torpaqları azad edərək ərazi bütövlüyünü bərpa edib. İndi isə diplomatlar, siyasətçilər və ümumiyyətlə, bütöv cəmiyyətimiz olaraq ayıq-sayıq olmalıyıq, “vuruşmalıyıq”. Sülhməramlı qüvvələr öz missiyalarından kənara çıxacaqlarsa, dərhal bunun ictimailəşməsinin tərəfdarıyam. Və hesab edirəm ki, əgər sülhməramlı qüvvələr öz neytrallığını saxlamasa, Azərbaycan tərəf üç ölkənin qəbul etdiyi Bəyanata əsasən onların Qarabağda 5 il müddətində qalmasını yox, dərhal Azərbaycan ərazilərindən çıxarılması məsələsini qaldıra bilər.

- Türkiyə hərbi bazasının Qarabağda yerləşməsi ilə bağlı yeni müqavilənin bağlanması zərurəti nə dərəcədə realdır?

- Beynəlxalq güclər, ermənilər Türkiyə-Azərbaycan birliyini qəbul edə bilmədiyindən, təşviş və narahatlıq içindədir. Baxın, ABŞ Türkiyəyə sanksiyalar qəbul edir, Avropa ölkələri təzyiq edirlər. Türkiyə regionda sabitləşdirici faktordur. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Azərbaycan üçün Türkiyə kimi hərbi-siyasi müttəfiqin olması çox əhəmiyyətlidir. Türk hərbçiləri artıq Azərbaycandadır. Və bu, indi baş verməyib. 15-20 il bundan qabaq gəliblər. Hesab edirəm ki, Azərbaycanda Türkiyə hərbi bazasının qurulması məsələsi gündəliyə gətirilə bilər.

 

0.64109683036804