Paşinyan qalsa və yaxud getsə, Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir-Partiya sədri
Baku News xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Kanal-13-ə açıqlama verib.
Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin Minsk qrupu həmsədirləri ilə son görüşündə qeyd etdiyi fikirlər də artıq vaxtın çatdığına işarədir. ALDP sədri bildirib ki, bu qrupun fəaliyyəti Qarabağ münaqişəsinin həllində heç bir rol oynamadı:
"Mən fikirləşirdim ki, onlara deyilən sözlərdən sonra, üzr istəyib gedəcəklər. Ümumiyyətlə, 30 ilə yaxın fəaliyyət göstərən ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həllində heç bir rol oynamadı. Onların bu illər ərzində görməli olduğu işi Azərbaycan Ordusu 44 gündə gördü. İllərlə Ermənistana havadarlıq etməklə bu qrup münaqişəni daha da uzatdı. Daha öncə də demişəm, yenə deyirəm ki, bu qrupun fəaliyyətindən Azərbaycan imtina etməlidir. Düşünürəm ki, yaxın günlər ərzində Azərbaycan bu addımı atacaq. Çünki indi "Qarabağ münaqişəsi" deyilən heç bir şey yoxdur, ordumuz bu münaqişəyə son qoydu!"
Qarabağda ermənilər tərəfindən təxribatlar davam olunur və müharibənin belə davam etməsinin səbəbi nədir? - sualına ALDP sədrin cavabı belə oldu:
“Mənim fikrimcə, müharibə bitib. Hesab edirəm ki, Ermənistan ordusunun əsgərlərilə yox, Qarabağın bəzi yerlərdə gizlənən erməni terroristlərlə, hansılar ki, Ermənistan hakimiyyətin nəzarətindən çıxıblar, onlarla, Azərbaycan Ordusu lokal anti-terror əməliyyatları aparır. Bunu muharibə yox, anti-terror əməliyyatı kimi dəyərləndirilməsi daha düzgün olar.”
Müxbirin, “Ermənistanda etiraz aksiyaları davam edir və Paşinyanın istefası tələb olunur. Əgər bu baş verərsə, Azərbaycanın qazancı nə olacaq?” sualına Fuad Əliyev dedi:
“Fikrimcə, Paşinyan qalsa və yaxud getsə, Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Əgər Ermənistanın yeni rəhbərliyi Azərbaycanla yenə də hərb ritorikası ilə danışsa, Ordumuz tərəfindən cavab alacaq. Paşinyan 2 ildir ki, hərb ritorikası ilə danışırdı, nəticəsini hamı gördü.”
“Azərbaycan son 15-20 il ərzində beynəlxalq aləmə sübut edib ki, Qarabağ qədim Azərbaycan torpaqlarıdır və Ermənistan tərəfindən işğal olunub. Biz bunu sübut edə bilməsəydik, müharibə başlayan gündən bizə daha ciddi təpkilər olacaqdır.”- ALDP sədri Fuad Əliyev bildirdi.