Partiya sədri: Bu zəncirvari bir məsələdir. Məmurlar bir biriylə qohum olublar
“Yenə də dəyəri milyonlarla vəsait şişirdilmiş layihəyə xərclənəcək və nəticədə vəsaitin böyük bir hissəsi onların ciblərinə gedəcək.”
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Kanal-13”-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, o, dəfələrlə məmurların korrupsiya işlərilə bağlı açıqlamalar verib, mətbuat vasitəsilə ictimaişdirib.
“Dövlət başçısınında bu oliqarx-məmurlarla bağlı kifayət qədər məlumatı var. O, dəfələrlə öz çıxışlarında məmurlara xəbərdarlıq edirdi.” - ALDP sədri qeyd edib.
Bəzi məmurların rəhbərlik etdikləri təşkilatların Şuşada regional nümayəndəliklərinin açılması istəklərini məntiqsiz adlandıran Fuad Əliyev qeyd edib ki, bununla da oliqarx-məmurların öz ciblərin fikirləşirlər:
“Bu məmurlar özlərini fikirləşirlər. Rəhbərlik etdikləri nazirliklərin Şuşada nümayəndəliyini açmaqla, özləri üçün şərait qurmaq istəyirlər. Milyonlarla vəsait şişirdilmiş layihəyə xərclənəcək və nəticədə vəsaitin böyük bir hissəsi onların ciblərinə gedəcək. Bunlar bunu istəyirlər.”
“Hesab edirəm ki, dövlət başçısı da bilir ki, bu baş versəydi, cəmiyyətdə böyük narazılıq olardı. Mərkəzi Bankın yeni binasının tikilməsinə 450 milyon manatın xərclənməsi nəzərdə tutulub. Baxın, cəmiyyətdə bu xəbər necə qarşılandı. Hamı öz etirazını bildirdi. İndi təsəvvür edin, Şuşada adları çəkilən təşkilatların regional nümayəndəliyi üçün ofislər tiksələr, böyük etirazlara səbəb olardı.” - Fuad Əliyev qeyd etdi.
Azərbaycanda istefa mədəniyyətin olmadığını qeyd edərək ALDP sədri bildirdi ki, bu hamı üçün siqnal idi və yaxın bir zamanda bu oliqarx-məmurların işdən çıxarılmasını gözləyir.
Daha sonra Fuad Əliyev suyun qiymətinin qalxmasına münasibətini bildirdi: “Məntiqsiz bir fikir səsləndirdilər ki, abunəçilərin sayı 200 min artıb. Belə olan halda əksinə olmalıdır. Çünki abunəçilərin sayı artdıqca suyun maya dəyəri aşağı düşür. Suyun daimi verilməsi istər-istəməz boruların daha tez yenilənməsinə ehtiyac yaranır. Yeni tarifə keçməyi vətəndaşların hesabına yox, tikilən yeni binanın hesabına etmək olardı. "Azərsu" rəhbərliyinin tikdirdiyi villaların hesabına ən azı 10 il suyun qiymətini qaldırmadan saxlamaq olardı.”
Jurnalist Fərid İmranlı, DİN və DTX-nin korrupsiyaya bulaşmış məmurlara bağlı əməliyyatların həyata keçirilməsi, lakin bu əməliyyatların getdiyi müddət ərzində məmurların oğurluqlarını davam etdiyini qeyd edərək, “həbslər çıxış yoludurmu” sualını verdi. ALDP sədri Fuad Əliyevin cavabı belə oldu:
“Bu zəncirvari bir məsələdir. Məmurlar bir biriylə qohum olublar. Bir məmur başqa məmurun övladını işə götürür. Uşaqları hüquq-mühafizə sistemlərində işləyirlər. Kim kimi həbs edəcək? Hamı bir-birlərinə kömək edirlər, goruyurlar. Mən bir neçə dəfə təklif etmişəm ki, Prezidentin yanında İctimai Şura yaranmalıdır. Bu İctimai Şurada mütləq müxalifət də iştrak etməlidir, cəmiyyət tərəfindən qəbul olunan ziyalılar olmalıdırlar. Vətəndaş görür ki, şikayət etdiyi məmura heç nə olmur, əksinə bir vəzifə də verilir, şikayət edənə isə təzyiqlər olur, problemlər yaranır. Ona görə də hüquq-mühafizə orqanlarına inam yaranmalıdır. Vətəndaş bilməlidir ki, gedib şikayət etsə, həmin məmur cəzalanacaq, daha şikayətçi özü yox. Yeni kadırlar gəlməlidir –xalqı, Vətəni, dövləti sevən kadırlar.”