ALDP sədri: Bizdə qanunda bələdiyyələrə status verilsə də, reallıqda heç bir səlahiyyətləri yoxdur
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında imzaladığı fərman ölkə ictmaiyyəti tərəfindən maraqla qarşılanıb. Belə hesab olunur ki, işğaldan azad edilmiş ərazilərdə təsis edilən xüsusi nümayəndəliklər icra hakimiyyətlərinin ləğvi prosesinə apara bilər. Bu prosesdə dost olkələrin təcrübəsinə istinad edərək, İcra Nümayəndəliklərinin ləğv olunaraq əsas gücü Bələdiyyələrə verilməsi hədəfi var.
Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhtəliklərdən biri də içra hakimiyyətlərinin ləğv olunmasıdır.
Partiya sədrinin sözlərinə görə, icra hakimiyyətləri ləğv olunandan sonra onun funksiyaları Bələdiyyələrə verilməlidir:
“Amma təəssüf ki, bizdə qanunda bələdiyyələrə status verilsə də, reallıqda heç bir səlahiyyətləri yoxdur. Dünyada isə bələdiyyələrin statusu yüksəkdir. Onların öz məktəbəri, nəqliyyatı var və aid olduqları ərazilərdə əhalinin bütün kommunal ehtiyaclarını - su, qaz, işıq, yol, torpaq və sair məsələlərin təminatı ilə məşğuldurlar. Yığılan vergidən bələdiyyənin büdcəsi təşkil olunur ki, o da əhalinin problemlərinin həlli üçün xərclənir”.
Fuad Əliyev bildirib ki, İcra hakimiyyətlərinin qalması həm də korrupsiyaya gedən yolun açıq olmasıdır:
“Məlumdur ki, ölkə başçısı hər il 1-2 dəfə müəyyən rayonlara maliyə ayırır və bu, birbaşa icra hakimiyyətinin balansına gedir. İcra hakimiyyətinin başçısı bu pulları istədiyi sahəyə yönəldir. Təsəvvür edin ki, hər rayona ayrılan 5 milyondan 3 milyonu müəyyən sahələrə sərf edilsə də, qalanı hansısa vasitələrlə icra başçısının cibinə gedir”.
Partiya olaraq İcra hakimiyyətlərinin ləğvi və dövlət başçısının respublika üzrə 7-8 xüsusi nümayəndəliyinin təsis olunması ilə bağlı təkliflərlə çıxış etdiklərini vurğulayan Fuad Əliyev bildirib ki, bu model idarəçilik üçün daha rahat olacaq:
“Biz dəfələrlə Prezidentin icra hakimiyyətləri ilə bağlı narazılığını və icra hakimlərini şəffaf işləməyə dəvət etməsi məqamlarını müşahidə etmişik. Hesab edirik ki, İcra hakimiyyətlərinin ləğvi, həm də korrupsiyanın qarşısını alacaq. İlk növbədə, İcra hakimiyyətlərində lazımsız strukturlara ehtiyac olmayacaq. Onlara ayrılan vəsait büdcədə qalacaq”.