ALDP sədri: Təxirəsalınmaz tədbirlər görülüb
“Bir il bundan əvvəl yeni növ koronavirus (COVID-19) infeksiyasının dünyada geniş yayılması Azərbaycanda da bir sıra sərt tədbirlərin görülməsinə gətirib çıxardı. Məhz pandemiya başlayandan dövlətimizin atdığı mühüm addımlar ölkəmizdə bu bəlaya qarşı səmərəli mübarizə aparılmasına şərait yaradıb. Bu mübarizədə Azərbaycanın növbəti uğuru Cənubi Qafqazda ilk olaraq vaksinasiya prosesinə start verməsidir”. Bu fikirləri qəzetimizə verdiyi açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Azərbaycan” qəzetinə bildirib.
Partiya sədrinin sözlərinə görə, karantin rejimi tətbiq edilən ilk gündən dövlət tərəfindən görülmüş tədbirlər öz nəticəsini verib:
“Belə ki, karantin rejiminin vəziyyətə uyğun tənzimlənməsi, qabaqcıl texnologiyaların tətbiqi ilə yeni laboratoriya və xəstəxanaların istifadəyə verilməsi, zəruri tibbi avadanlıq, dərman preparat və vasitələrinin ölkəyə gətirilməsi, ölkəmizdə tibbi maskaların, antibakterial vasitələrin istehsalı ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, həmçinin vətəndaşlarımızın karantin qaydalarına riayət etməsi ilə ciddi fəsadların qarşısı alındı. Beləliklə, demək olar ki, Azərbaycan dövləti pandemiya ilə mübarizədə bütün vacib tədbirləri görür və vətəndaşlarını qorumaq üçün mühüm addımlar atır”.
Fuad Əliyev deyib ki, artıq ölkəmizdə vaksinasiya prosesinin başlanması da bu işə xüsusi töhfə verəcək:
“Məlum olduğu kimi, yanvarın 18-dən risk qrupunda olan peşə sahiblərinə, fevralın 8-dən isə yaşı 65-dən yuxarı olan şəxslərə peyvənd vurulmasına başlanılıb. Azərbaycanda vaksinasiyanın uğurla yekunlaşacağı şübhəsizdir. Buna baxmayaraq, vətəndaşlardan bir xahişim var ki, yoluxmanın azalması və vaksinasiya prosesinin başlanmasına görə arxayın olmasınlar”.