ALDP sədri: Sahil Babayev ya iş gör, ya da istefa ver
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev şəxsi youtube hesabında əhalinin, xüsusilə əlillərin sosial problemlərlə bağlı açıqlama verib. Onun fikrincə bəzi problemlər həll olunsa da, tam aradan qaldırılmayıb:
"Yaşadığımız ölkədə yığılmış sosial problemlərin üstünə yeni problemlər də əlavə olundu. Təəssüf ki, qələbəmizdən sonra qazilər və şəhid ailələri xoşagəlməz problemlərlə üzləşdilər. Bəziləri həll olunsa da, problemlər tam aradan qaldırılmayıb. Yüzlərlə qazi mənə ünvanladığı şikayatlərdə qeyd edir ki, əlillik qrupu almaq üçün onları get-gələ salırlar. Əlilliyi sübut etmək üçün saatlarla növbədə dururlar. Ayağı, qolunu itirənlər, dünya işığına həsrət qalanlar hər il üç ildən bir komissiyadan keçirlərlər ki, aldığı əlillik qruplatını təsdiq etsinlər. Bu dövlət təşkilatların məmurları fikirləşirlər ki, üç ilə əlilin ayağı, qolu yerinə gələcək, gözləri açılacaq. Bu məmurların bir istəyi var. Hər il əlillik qrupu təsdiq edəndə pul qoparsınlar".
Fuad Əliyevin sözlərinə görə bəzi məmurlar qazi və onların ailə üzvlərindən əlillik qrupu almaq üçün rüşvət tələb edirlər:
"Bəzi məmurlar isə - “almısan 8 min, o puldan bizədə ver sənə əlillik qrupu yazaq”- deyirlər!".
Başqa bir problemdən də deyim. Birinci qrup Qarabağ əlili yazır ki, aldığı yaralardan sərbəst hərəkət etmək məhdudiyyəti yaranıb. Əvvəl anası, sonra isə ona həyat yoldaşı qulluq edir. Və dövlət nə anasına, nə həyat yoldaşına nə müavinət verib, nə də ki, qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edib. Əlillərə baxmaq üçün verilən müavinət isə 50 manatdır - deyib F.Əliyev.
Onun sözlərinə görə əlillərə baxanlar, onlara qulluğ edənlər günün 24 saatını əlillərə həsr edirlər:
"Bu adamlar demək olar ki, 24 saat ərzində əlilin yanındadır. Bu adam özü yaxşı qidalanmalıdır ki, əlilə baxmaq üçün gücü olsun".
"Bu problemlərlə bağlı təkliflərimizi hazırlayıb Prezident Administrasiyasına və Milli Məclisə göndərəcəyik. Və təkliflərdən biri o olacaq ki, əlilə baxan adama ən azı minimum əmək haqqı qədər müavinət verilsin" - qeyd edib ALDP sədri.
ALDP sədri çıxışın sonunda nazir Sahil Babayevin işinin öhdəsindən gəlmədiyinə görə istefaya getməyə çağırdı:
"Mən Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edirəm. Prezident İlham Əliyev ona görə sizi bu vəzifəyə təyin edib ki, əlillərin sosial problemlərini həll edəsiz. Müavinətlərin azlığını nəzərə alıb təkliflərinizi verəsiz. Əgər bunu da bacarmısızsa, o zaman istefa verin".