Canlı efirdə Nazpəri ilə Könül arasında gərginlik: “Xəbislik, ikiüzlülük, paxıllıq olmasa...” - VİDEO

“Xəzər” TV-də yayımlanan “5/5” axşam şousunun 6 illik yubiley buraxılışının canlı efirində Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Könül Kərimova arasında gərginlik yaşanıb.

Bakunews.media xəbər verir ki, öncə verilişə K.Kərimova və Nadir Qafarzadə gəlib, sonra isə şouya N.Dostəliyeva qatılıb.

Mahnısı səsləndiriləndən sonra Xalq artisti verilişin aparıcısı Zaur Kamal və Nadir ilə opüşüb-görüşsə də, Könüllə nə salamlaşıb, nə də kəlmə kəsib.

Şounun 6 illiyini təbrik edən N.Dostəliyeva fikirlərini belə ifadə edib:

“Verilişin uzun ömürlü olsun. “5/5”in açılışı bizim bağda olub. Qəlbimiz saf, təmiz, düz olanda qədəmimiz də gözəl olur. Ürəyimizdə xəbislik, pislik, ikiüzlülük, paxıllıq olmasa, verilişimiz də, bütün işlərimiz də düz olar”.

Bu sözlərdən sonra veriliş reklam fasiləsinə ayrılıb. Reklamlardan sonra Nadir mahnısını oxuyanda K.Kərimova ona qoşulub. Studiyanın digər tərəfində isə Dostəliyeva ilə Zaurla rəqs edib.

İfasını bitirdikdən sonra Nadir “Biz Könüllə toya gedirik” deyərək, verilişi Kərimova ilə birlikdə yaxın dəqiqələrdə tərk edəcəyinin anonsunu verib.

Proqramda gərginliyin artdığını görən Zaur qonaqları ilə birlikdə selfi çəkdirmək istədiyini dilə gətirib. Bu anda isə K.Kərimova “Biz tələsirik Zaur” ifadəsini söyləyib.

N.Dostəliyeva isə “Mən gülləri suvarıram” deyərək, şəkil çəkdirməkdən yayınmaq istəyib.

Könül isə “Zaur, selfidə yaxşı düşmürük” deyərək, Nazpəri ilə şəkil çəkdirməkdən boyun qaçırmağa çalışıb. Zaur istədiyinə nail olub və o sənətçiləri bir araya gətirərək telefonun kamerasına baxmağı xahiş edib.

Şəkil çəkdirən zaman Xalq artisti “Selfi çəkdirmək hələ ürəkdə qalmaq demək deyil” şərhini dilə gətirib.

Zaur isə Nazpərinin bu şərhinə “Mənim 6 illiyimi zay etməyin” söyləyərək, yanan ocağa su səpib.

Şəkil çəkdirdikdən sonra Nadir ilə Könül canlı efiri tələsik tərk edib. Bundan sonra isə proqramda yalnız qalan Xalq artisti şouda baş verənləri özünəməxsus şəkildə belə şərh edib:

“İllər keçə bilər. Əsas odur ki, insan həyatda etibarlı, sadiq olsun. Kəsdiyi çörəyi ayaqlamasın. Heç kim üçün yox, özü, vicdanı, mənliyi, şəxsiyyəti üçün... Bax bu, çox qəliz məsələdir”.

Rəşad Əliyev

0.26706790924072